CƏMİYYƏT


Azərbaycan şəhid ailələrinin, əlillərin, veteranların sosial müdafiəsinin gücləndirilməsinə ən çox diqqət ayıran dövlətdir

Bakı, 19 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında bu gün imzalanmış Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addımdır. Bu, dövlətimizin başçısının Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.

R.Süleymanov qeyd edib ki, Prezident İlham Əliyev şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının sosial müdafiəsi ilə bağlı 2003-cü ildən bu günədək çoxsaylı fərman və sərəncamlar imzalayıb. İstər birinci Qarabağ müharibəsi, istər Əfqanıstan, istərsə də Böyük Vətən Müharibəsi veteranlarının, müharibədə həlak olmuş şəxslərin ailələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Dövlətin hərbi əməliyyatların iştirakçılarının, şəhid ailələrinin və əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, avtomobillərlə təmin edilməsi, təqaüdün verilməsi və s. kimi tədbirləri davam etdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün imzalanmış Fərman dövlət başçısı İlham Əliyevin növbəti prezidentlik dönəmi üçün səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk sənəddir.

R.Süleymanov qeyd edib ki, bu gün Azərbaycan keçmiş Sovetlər Birliyi məkanında şəhid ailələrinin, müharibə iştirakçılarının, əlillərin və veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ən çox və real addımlar atan dövlətdir. Bu gün respublikamızda şəhid ailələri, müharibə veteranları və əlilləri böyük bir kontingent təşkil edir və onların ümumi sayı 100 minə yaxındır. Ölkənin iqtisadi vəziyyəti gücləndikcə, onların da sosial şəraiti yaxşılaşdırılır, dövlət qayğısı artırılır.

Onu da xüsusi vurğulamaq lazımdır ki, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələn bu diqqət və qayğı Azərbaycan ictimaiyyətində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına inamı daha da artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.