İQTİSADİYYAT


Azərbaycan şirkətləri Moskvadakı sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində təmsil olunur

Moskva, 10 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə istehsal olunan məhsullar fevralın 10-14-də Moskvada keçirilən 27-ci “ProdExpo-2020” beynəlxalq qida məhsulları, içkilər və onların Rusiyada və Şərqi Avropada istehsalı üçün istifadə edilən xammal sərgisində nümayiş edilir.

AZƏRTAC xəbər verir ki, “Eksposentr” Mərkəzi Sərgi Kompleksində açılmış ekspozisiyada qida sənayesi, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Eyni zamanda, Azərbaycan sərgisinin rəsmi sponsorudur.

Sərginin açılışında çıxış edən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan artıq üç ildir bu beynəlxalq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir, şirkətlərimiz “Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını təqdim edirlər. Səfir vurğulayıb ki, “ProdExpo” sərgisi istehsalçılar, satıcılar, marketoloqlar və biznesmenlərin bir araya gələrək ətraflı fikir mübadiləsi aparması üçün yaxşı fürsətdir.

“Bu gün dövlət başçılarımız İlham Əliyev və Vladimir Putinin dəstəyi ilə Azərbaycanla Rusiya arasında iqtisadi sahədə əlaqələr yüksək səviyyədə inkişaf edir. İki ölkə prezidentlərinin diqqət və qayğısı əməkdaşlığın möhkəmlənməsi üçün etibarlı zəmin yaradır. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidor, xurma, qoz-fındıq, nar, heyva və sair ixracında qabaqcıl mövqeləri tutur”, - deyə P.Bülbüloğlu bildirib.

O qeyd edib ki, ötən ilin sonunda Samur çayı üzərindən yeni körpünün açılması iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə yeni imkan yaradır. Səfirin sözlərinə görə, “ProdExpo-2020” sərgisində 40-dək Azərbaycan şirkəti vahid “Made in Azerbaijan” stendində və müstəqil stendlərlə təmsil olunur.

Qeyd edək ki, fevralın 14-dək davam edəcək sərgiyə 70 ölkədən 2600 iştirakçı qatılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.