Azərbaycan su ehtiyatlarına görə 140-cı yerdədir
AzerTAg.az

Bakı, 10 mart, AZƏRTAC
İqlim dəyişmələrinin təsirləri Azərbaycandan da yan keçməyib. Bu təsirlər daha çox su ehtiyatlarının azalmasında özünü göstərib. Azərbaycan arid landşaft və məhdud su resurslarına malikdir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə ilk yüzlükdə yer alsa da, 90-cı yerlərdən birini tutur.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.
Nazir müavini bildirib ki, su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan 140-cı yerdə qərarlaşıb. Bu da ölkəmizdə suyun səmərəli istifadəsini şərtləndirir.
“Su ehtiyatlarımızın az olması ilə yanaşı, proqnozlar da ürəkaçan deyil. Son otuz ildə su ehtiyatlarımız 15-20 faiz azalıb. 2050-ci ilə qədər isə daha 15-20 faiz azalacağı proqnozlaşdırılır. Proqnozlar bizi məcbur edir ki, mövcud su ehtiyatlarımızdan səmərəli istifadə etməklə əhalinin, fermerlərin suya əlçatanlığını təmin edək. Ən ümdə məsələ məsuliyyətli su istehlakçısı formatında işlərin davam etdirilməsidir. Burada suya qənaətə imkan verən texnologiyaların tətbiqi ilə su təsərrüfatı sahəsində itkilərin aradan qaldırılması da vacibdir”, - deyə V.Kərimov qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var