CƏMİYYƏT
Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilmişdir VİDEO
Bakı, 15 may (AZƏRTAC). Mayın 15-də Azərbaycan Respublikasında səfərdə olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında görüş keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf meylləri müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.
Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilmişdir.