CƏMİYYƏT
Azərbaycan və Türkiyənin həmkarlar təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin ən böyük həmkarlar ittifaqı Hak-İş Birliyinin üzvü olan Qara metallurgiya, polad və metal işlətmə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Birliyinin (Özçelik-İş Sendikası) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, hər iki ölkənin həmkarlar təşkilatları arasında əməkdaşlığın perspektivlərindən danışılıb.
AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkələrimiz arasında mehriban münasibətlərdən danışıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Zəfər qazandığını və bu Qələbə ilə haqq işi uğrunda mübarizədə qalib gəldiyini diqqətə çatdıran S.Möhbalıyev qeyd edib: “Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz qardaşlarımızın dəstəyini Vətən müharibəsində daha yaxından gördük. Çünki Azərbaycan-Türkiyə qardaşlığının kökləri dərin və əbədidir”.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə Özçelik-İş Sendikası arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən S.Möhbalıyev bildirib ki, müharibə başa çatandan dərhal sonra azad olunmuş ərazilərdə sürətli tikinti və quruculuq işləri başlayıb. Doğma yurdlarından didərgin salınmış insanlar dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə öz torpaqlarına qayıdacaq və firavan yaşayacaqlar. AHİK sədri, həmçinin qeyd edib ki, Türkiyə Vətən müharibəsində olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və quruculuq işlərində də Azərbaycana dəstəyini əsirgəmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, Zəngəzur dəhlizinin təməlini qoyması dünyaya bir mesajdır. Bu, bir daha bizim bir-birimizə sıx tellərlə bağlı olduğumuzu göstərir.
AHİK sədri Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını qeyd edərək deyib: “Şəhidlər bizim fəxrimizdir və biz onlara borcluyuq. Şəhidlərin ailələri və onların övladları bizə əmanətdir. AHİK 166 şəhid övladını himayəyə götürüb və onlara dəstək olur”.
Türkiyənin Hak-İş Birliyinin sədr müavini Osman Yıldız bildirib ki, Qarabağ Zəfəri bütün türk dünyasının qələbəsidir. Türk dünyası hər zaman sülhü, dostluğu dəstəkləyir. Qarabağ Zəfərinin birinci ildönümündə Azərbaycanda olmaqdan şərəf duyuram. Biz, əslində, öz evimizə gəlmişik.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ilə Özçelik-İş Sendikası arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən türkiyəli qonaq Azərbaycan və Türkiyənin həmkarlar təşkilatları arasında əməkdaşlığın perspektivlərindən danışıb.
Özçelik-İş Sendikasının prezidenti Yunus Degirmençi diqqətə çatdırıb ki, Qarabağın işğaldan azad edilməsi azərbaycanlılar kimi, Türkiyə vətəndaşlarını da çox sevindirir. Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır və həmişə də yanında olacaq. Türkiyəli qonaq ölkələrimizin həmkarlar təşkilatları arasında əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Yunus Degirmençi AHİK və Özçelik-İş Sendikası arasında birgə layihələrdən də danışıb. O, azərbaycanlı həmkarlarını Türkiyədə görməkdən məmnun olacaqlarını deyib.