CƏMİYYƏT
Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanır
Bakı, 9 dekabr, AZƏRTAC
BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı birgə layihəsi icra olunur. Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ölkəmizdə Fəal Yaşlanma İndeksinin hazırlanması da nəzərdə tutulur. Fəal Yaşlanma İndeksi yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həmin İndeksin hazırlanması ilə əlaqədar ölkəmizdə səfərdə olan beynəlxalq ekspert Asgar Zaidi ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, A.Zaidi Fəal Yaşlanma İndeksi haqqında ətraflı məlumat verib. O, Avropa və Cənub-Şərqi Asiyanın 35 ölkəsində fəal yaşlanma indeksinin tətbiq edildiyini bildirib. Azərbaycanın Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkə olduğunu vurğulayıb.
A.Zaidi Fəal Yaşlanma İndeksinin üstünlüklərini qeyd edərək bildirib ki, həmin indeksə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edə bilir. Nəticədə hansı spesifik sahələrin təkmilləşdirilməsi zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsinin müəyyən edilməsi imkanına malik olurlar.
Görüşdə indeksin hazırlanması məsələlərinə dair müzakirələr aparılıb.