CƏMİYYƏT
“Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində kampaniya keçirilir
Bakı, 3 iyul, AZƏRTAC
BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində “ASAN Könüllülər” İctimai Birliyi ilə birlikdə sosial mediada kampaniyaya başlanılıb. Kampaniya bu il iyunun 7-dən keçirilir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatların səhifələrində özündə gender əsaslı zorakılıq formaları olan cinsi, psixoloji, iqtisadi və fiziki zorakılıq ətrafında mövcud mifləri və reallıqları əks etdirən 14 post paylaşılıb və yüz minlərlə sosial media istifadəçisinə müvafiq məlumat çatdırılıb.
Qeyd edək ki, postlar rəssam Mirazər Abdullayevin layihə üçün hazırladığı illüstrasiyalarla müşahidə olunub. Kampaniya müəllifləri həmin illüstrasiyalarla zorakılıq halları barəsində reallıqların yaddaşlarda daha aydın əks olunmasına çalışıb.
Bununla yanaşı “ASAN Könüllülər” İctimai Birliyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində icraçı tərəfdaş qismində ölkəmizin müxtəlif regionlarında icmalar üçün məlumat sessiyaları təşkil edir.
“Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində aparılır və iki il davam etməsi nəzərdə tutulur. Layihənin məqsədi gender əsaslı zorakılığın qarşısının alınması üçün müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində hökumətə yardım etməkdir. Layihə gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə istiqamətləndirmə və müdafiə mexanizmi çərçivəsində minimum tədbirlərin görülməsi, onun barəsində məlumatların effektiv idarə olunması, habelə standartların və xidmətlərin təkmilləşdirilməsi üçün qurumlarası əməkdaşlığın inkişafına xidmət edir.