MƏDƏNİYYƏT
Azərbaycanda “Turizm ili” çərçivəsində böyük layihələr həyata keçiriləcəkdir
Bakı, 30 yanvar (AZƏRTAC). Turizm ölkəmizin qeyri-neft sektorunda ən önəmli sahələrdən biridir. Azərbaycanın təbiəti, tarixi, iqlimi, abidələri, mətbəxi, insanların qonaqpərvərliyi, xalqımızın zəngin mədəniyyəti - bütün bunlar turizmin inkişafına geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkənin inkişaf tempini, bu il gerçəkləşəcək bir neçə böyük infrastruktur layihələrinin tamamlanmasını nəzərə alaraq, 2011-ci ili “Turizm ili” elan etmişdir. Bu, turizm sektoru üçün bir avansdır. İl ərzində bu sahədə elə addımlar atılmalıdır ki, həm müvafiq Dövlət Proqramının icrasına nail olaq, həm də turizm sənayesinin inkişafının əsaslı bünövrəsi qoyulsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Nazir vurğulamışdır ki, turizm sahəsindəki ən böyük layihələr sırasında “Şahdağ” qış-yay turizm kompleksi xüsusi əhəmiyyət daşıyır. Kompleksin tikintisindəki əsas iş infrastrukturun yaradılmasından ibarətdir. Artıq 2011-ci ilin sonunadək bu kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrastruktur tamamlanacaqdır. Bu ilin yazında artıq pilot layihəni, avadanlığı sınaqdan keçirəcəyik. Xizək idman növü ilə maraqlananlar növbəti qış mövsümündə kompleksin xidmətindən istifadə edə biləcəklər.