CƏMİYYƏT
Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində görülən işlər yüksək qiymətləndirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Hicran Hüseynova Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib, ailə, qadın və uşaq problemlərinin həlli sahəsində birgə fəaliyyətin genişlənməsinə olan məmnunluğunu ifadə edib. Komitə sədri bu istiqamətdə Azərbaycan tərəfinin bütün zəruri addımları atmağa hazır olduğunu diqqətə çatdırıb, birgə fəaliyyətin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə Avropa İttifaqı ilə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin (Tvinning, TAİEX) uğurla həyata keçirilməsi məsələsi müzakirə edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində görülən işləri yüksək qiymətləndirib və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin qadın və uşaq hüquqlarının qorunması, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan hökumətinin dəstəyinin vacibliyini qeyd edib.