İQTİSADİYYAT
Azərbaycanda alternativ enerjinin böyük gələcəyi var
Bakı, 19 fevral, Ramiz Quliyev, AZƏRTAC
BMT İnkişaf Proqramı olaraq biz Azərbaycanda alternativ enerjinin böyük gələcəyinə inanırıq.
Bu sözləri AZƏRTAC-a BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini xanım Nato Alhazişvili BMT İnkişaf Proqramı və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycanda alternativ enerjiyə dəstək” layihəsinə dair seminarda bildirib.
Ölkəmizdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirən BMT İnkişaf Proqramının rəsmisi belə bir qurumun dünyanın bir çox ölkələrində olmadığını vurğulayıb.
“Biz bilirik ki, respublikanın bir çox təbii ehtiyatları var. Buna görə də ölkənin alternativ enerji barədə düşünməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyən N. Alhazişvili əlavə edib ki, layihənin əsas məqsədlərindən biri də Azərbaycanda alternativ enerjinin inkişafının mümkünlüyünü göstərməkdir.
Onun sözlərinə görə, neftin qiyməti aşağı düşdükcə, alternativ enerjinin əhəmiyyəti daha böyük olacaq. Bu baxımdan “Azərbaycanda alternativ enerjiyə dəstək” layihəsi gələcəyə istiqamətlənmiş layihədir.