MƏDƏNİYYƏT
“Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İcimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəllilli layihə və görülmüş işlər barəsində ətraflı məlumat vermşdır.
Bildirilmişdir ki, avqustun 1-dən oktyabrın 31-dək davam edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə reallaşmışdır. Layihənin keçirilməsində məqsəd Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, eyni zamanda tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaq, abidələrin qorunmasına kömək etməkdən ibarətdir. Layihə çərçivəsində arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunmuş, “Azərbaycanın inciləri” bukleti nəşr edilmişdir.
Layihə çərçivəsində çəkilmiş “Azərbaycan abidələr diyarıdır” qısametrajlı sənədli filminin müxtəlif dillərə çevrilərək dünya ictimaiyyətinə təqdim olunması nəzərdə tutulmuşdur.
Layihənin davamlı olması üçün yaradılmış archaeotourism.az xüsusi internet səhifəsində tarixi abidələr, adət-ənənələr və incəsənətimizin nümayiş olunması ilə yanaşı, həm də arxeoturizmin imkanları da təbliğ edilir.
Tədbirdə “Azərbaycan abidələr diyarıdır” filmi nümayiş olunmuş, suallar cavablandırılmışdır.