İQTİSADİYYAT
“Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO
Bakı, 6 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Dekabrın 6-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi, Fransa Keyfiyyət və Mənşə Milli İnstitutu (INAO) və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, coğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması, Fransanın çoxillik təcrübəsinin öyrənilməsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına nail olunması komitə üçün prioritet məsələdir.
Komitə sədri ölkəmizdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafının dövlətin əsas vəzifələrindən olduğunu vurğulayıb. O deyib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrində sözügedən sahənin inkişaf etdirilməsi üçün sənaye və xidmət sahələrinin ixrac və rəqabətqabiliyyətli xüsusiyyətləri ön plana çəkilib: “Bu istiqamətdə uğurla reallaşan islahatlardan biri də ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür”.
Ramiz Həsənov nəzərə çatdırıb ki, üzərində coğrafi göstərici daşıyan və ölkəmizin müxtəlif regionlarında ənənəvi istehsal və fəaliyyət sahələrinə aid olan məhsulların xarici bazarlarda taninması nəticə etibarilə “Made in Azerbaijan” brendinin təşviqinə xidmət edir. Bu məqsədlə coğrafi göstəricilərin əqli mülkiyyət obyektləri sırasında vacib rolu nəzərə alınaraq, bu sahənin daha geniş öyrənilməsi, təhlili və coğrafi göstəricilərin hüquqi mühafizəsinin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələrindən ibarət işçi qrupu təşkil olunub.
Komitə sədri Azərbaycanda bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicə əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar təkrarolunmaz xüsusiyyətlərə malik olduğunu qeyd edib. Bununla yanaşı, müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırladıqları məhsulların xarici bazarlara ixracının perspektivlərini yüksək qiymətləndirib.
Fransanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat məsələləri üzrə müşaviri Serj Krebs iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən danışıb. O bildirib ki, Fransada coğrafi göstəricilərin mühafizəsi sahəsində çoxillik təcrübə formalaşıb. Bu sahədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən müşavir gələcəkdə qarşılıqlı əməkdaşlığın davam edəcəyini qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, xüsusilə üzümçülük, pambıqçılıq, baramaçılıq və digər sahələrə diqqət yetirildiyi barədə geniş məlumat verib. Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu deyən aparat rəhbəri, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu xüsusi vurğulayıb.
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bildirib ki, ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olub. Azərbaycan mətbəxinin bir çox nümunələrinin coğrafi göstərici kimi qeydiyyatının vacibliyinə toxunan natiq, mərkəz tərəfindən Azərbaycan mətbəxinə aid dörd minə yaxın nümunənin toplanıldığını söyləyib. Bu nümunələrin coğrafi göstərici kimi mühafizəsi ilə bağlı Patent və Əmtəə Nişanları Mərkəzi ilə birgə işlərə başlanıldığını deyən Tahir Əmiraslanov UNESCO çərçivəsində Fransa təcrübəsinin öyrənilməsinin də faydalı olduğunu əlavə edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, üzərində coğrafi göstərici olan yerli məhsulların xaricdə tanıdılmasının vacib tələblərindən biri də məhsul adlarının həm yerli, həm də beynəlxalq səviyyədə hüquqi mühafizəsinin təmin edilməsidir. Bu sahədə Patent və Əmtəə Nişanları Mərkəzi ilə AZPROMO arasında sıx əməkdaşlıq həyata keçirilir.
Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva “Azərbaycanda coğrafi göstəricilərin qorunması sisteminin ümumi təqdimatı: hüquqi və institusional aspektlər” adlı məruzəsində coğrafi göstəricilərin hüquqi mühafizəsinin təşviqi istiqamətində son bir il ərzində mərkəz tərəfindən aparılan işlər barədə məlumat verib. Bu sahədə aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. G.Sevdimalıyeva regionlarda coğrafi göstəricilərə dair bir sıra maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, cari il ərzində mərkəzə coğrafi göstəricinin qeydiyyatı ilə bağlı 20 ərizə daxil olub. Ümumilikdə ölkəmizdə 12 coğrafi göstərici qeydiyyata alınıb.
Fransanın Ukraynadakı səfirliyinin Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova üzrə kənd təsərrüfatı sahəsində məsləhətçisi Nikola Perrən “Avropa İttifaqı və Fransanın keyfiyyət siyasətinin təqdimatı: prinsip və qaydalar”, Fransanın Keyfiyyət və Mənşə Milli İnstitutunun (INAO) mütəxəssisi Maud Rotman “Coğrafi göstərici konsepsiyasının təqdimatı: qorunan coğrafi göstərici və qorunan mənşə adları anlayışları”, INAO-nun digər mütəxəssisi Sesil Fanşua “INAO tərəfindən coğrafi göstəricinin tanınması müraciətlərinin yerinə yetirilməsi proseduru” mövzularında məruzələrlə çıxış ediblər.