İQTİSADİYYAT
Azərbaycanda daha 2 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Bakı, 4 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac martın 4-də keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərracda Qazaxda yerləşən “Daş Salahlı” əhəngdaşı yatağının 1,8 hektar sahəsi, Ağsu rayonun “Girdimançay” qum-çınqıl yatağının isə 5 hektar sahəsi istifadəyə verilib.
Hərraca çıxarılan “Daş Salahlı” əhəngdaşı yatağının LOT-1 və LOT-3 üzrə qalibi müvafiq olaraq “Nigar” MMC və fiziki şəxs Güliyev Elxan olub. “Girdimançay” qum-çınqıl yatağının LOT-1 üzrə keçirilən hərracının qalibi isə fiziki şəxs Hacıyev Hacıağa olub.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3IKcExo).
Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.