Azərbaycanda enerji təchizatının təminatına xüsusi əhəmiyyət verilir
AzerTAg.az

Bakı, 6 iyun, AZƏRTAC
Son 18 ildə Azərbaycanın elektroenergetika sistemində genişmiqyaslı layihələr reallaşdırılıb. Bu sahənin sürətli inkişafı məqsədilə qəbul edilən Reabilitasiya Proqramı çərçivəsində yenidənqurma və tikinti işləri böyük vüsət alıb. Nəticədə energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib, bir çox elektrik stansiyası və yarımstansiyalar yenidən qurulub. Hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə tədbirləri davam etdirilir, enerjinin idarə olunması üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində layihələr reallaşdırılır. Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl açılışında iştirak etdiyi Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltluq “Binəqədi” yarımstansiyasının istifadəyə verilməsi də bunun bariz ifadəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
E.Bağırov vurğulayıb ki, müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulan “Binəqədi” yarımstansiyası paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin tapşırığı ilə energetika sisteminin müasirləşdirilməsinin, bu istiqamətdə yeni layihələrin reallaşdırılmasının nəticəsidir ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünya miqyasında ikinci yerdə qərarlaşıb.
E.Bağırov daha sonra deyib: “Bu gün düşməndən təmizlənən torpaqlarda da yaşayış sahələrinin elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir.
Hələ müharibənin getdiyi dövrdə “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik təminatı həyata keçirilib. Bunun ardınca Füzulidən, Şükürbəyli stansiyasından Hadruta ikidövrəli xətlər çəkilib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın da elektrik enerjisi ilə təminatı həll olunub.
İşğaldan azad olunan rayonlarda “yaşıl enerji” zonasının yaradılması üçün çox böyük potensial var. Məsələn, Laçın-Kəlbəcərdə külək enerjisindən, Zəngilan-Cəbrayıl ərazilərində isə günəş enerjisindən istifadə imkanları son dərəcə genişdir. Artıq Azərbaycan və BP-nin işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihəsi üzrə əməkdaşlığa başlaması bunun bariz ifadəsidir.
Bu məqsədlə Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP tərəfindən Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb”.
Respublikamızda Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz, özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.
Dövlətimizin başçısının müəyyənləşdirdiyi inkişaf kursunda Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə vəhdətdə həyata keçirilməsi isə bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır.
Emin Bağırov sonda bildirib ki, Prezident İlham Əliyev cari il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.
Xəbərin mətnində orfoqrafik səhv var