CƏMİYYƏT
Azərbaycanda olan Gürcüstan vətəndaşları parlament seçkilərində iştirak edə bilməyəcəklər
Tbilisi, 31 oktyabr, AZƏRTAC
Azərbaycanda müvəqqəti yaşayan, işləyən Gürcüstan vətəndaşları oktyabrın 31-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcəklər. Gürcüstanın Azərbaycandakı səfirliyində açdığı seçki məntəqələri fəaliyyət göstərməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş Naziri Giorgi Qaxariya bildirib.
Onun sözlərinə görə, ümumi karantin rejimi səbəbindən bəzi ölkələrdə, o cümlədən Azərbaycanda Gürcüstan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün nəzərdə tutulan seçki məntəqələri açılmayacaq.
Baş Nazir deyib: “Bu bizim üçün çox təəssüfedici faktdır, çünki biz əminik ki, Azərbaycanda və Yunanıstanda “Gürcü Arzusu” inamlı qələbə qazanacaq. Amma ümumi karantin səbəbindən biz həmin ölkələrdəki seçki məntəqələrini bağlamaq barədə qərar qəbul etmişik”.
Qeyd edək ki, bundan öncə Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin Azərbaycandakı səfirliyində 3 seçki məntəqəsinin yaradılması barədə qərar qəbul etmişdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi