CƏMİYYƏT
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
Bakı, 5 may, AZƏRTAC
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, DMX-nin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə nəşri vətəndaşsızlıq halları ilə bağlı bir sıra məsələlərə həsr edilib. Azərbaycan və ingilis dillərində dərc edilən jurnalda Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun DMX-nin vətəndaşlıq məsələləri üzrə həyata keçirdiyi fəaliyyət, vətəndaşlıq hüququnun mahiyyəti, vətəndaşlıqla bağlı ölkə qanunvericiliyinin vətəndaşsızlıq hallarının həllində hüquqi təminatı ilə əlaqədar müsahibəsi yer alıb.
Nəşrdə “Vətəndaşsızlığa son qlobal fəaliyyət planı: 2014-2024”, vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupunun fəaliyyəti, Azərbaycanda “Vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülən işlər və digər mövzular barədə məqalələr də oxuculara təqdim olunur.
Jurnalda əvvəllər vətəndaşsızlıq halında olan və son zamanlar Azərbaycan Respublikasının vətəndaşlığını əldə edən şəxslərlə müsahibələr də əksini tapıb.