MƏDƏNİYYƏT
Azərbaycandan Şimali Kiprə istirahətə gedən turistlər üçün yeni xidmətlər təklif olunur
Bakı, 14 avqust (AZƏRTAC). Azərbaycandan Şimali Kiprə istirahətə gedən turistlər üçün yeni xidmətlər təklif olunur. Bu xidmətlərdən biri avqustun 1-dən etibarən istirahətə gələn qonaqlara Yakın Doğu Xəstəxanasında təklif edilən kekap müayinə proqramıdır.
Bu barədə AZƏRTAC-a məlumat verən “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev demişdir: “Bu proqram çərçivəsində turistlərə müayinə üçün cəmi 100 avro ödəmək lazımdır. Əslində isə kekap müayinə paket şəklində adi xəstələr üçün 220 avrodur. Şirkət bunu aksiya kimi həyata keçirir. Gələcəkdə kekap müayinənin Şimali Kiprə təşkil olunan turpaketlərə pulsuz daxil edilməsi nəzərdə tutulmuşdur”.
R.Quliyev onu da bildirmişdir ki, Bakı-Adana-Lefkoşa reysi ilə uçuşlar 2 aydır davam edir və azərbaycanlıların Şimali Kiprdə istirahətə marağı böyükdür. Üstəlik, istirahətin qiymətini kreditlə də ödəmək mümkündür. Elə vətəndaşlarımız var ki, istirahət üçün maddi imkanları yoxdur. Biz bunu onların da dincəlmək imkanı əldə edə bilməsi üçün edirik. İstirahətə hamı getməyə bilər, amma müalicə vacibdir.