İQTİSADİYYAT
Azərbaycandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı hazırda danışıqlar aparılır
Bakı, 16 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə elektrik enerjisinin ixracına dair məsələlər (elektrik enerjisinin tarifi, həcmi və sair) ətrafında hazırda danışıqlar davam etdirilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsinin həyata keçirilməsi nəticəsində bu enerji körpüsü vasitəsilə Azərbaycandan Gürcüstana və Türkiyəyə, gələcəkdə isə Qara dəniz və Şərqi Avropa ölkələri istiqamətində elektrik enerjisinin ixracına texniki imkan yaranıb.
Layihə çərçivəsində ötən müddətdə Azərbaycan tərəfindən 500 kilovoltluq Samux-Qardabani hava elektrik verilişi xətti çəkilib. Gürcüstan tərəfindən isə 500/400/220 kilovoltluq “Axalçixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kilovoltluq elektrik verilişi xəttinin tikintisi başa çatdırılıb. 2013-cü ilin sonunda isə layihə üzrə bütün işlər həyata keçirilərək xətt istismara buraxılıb.
Xatırladaq ki, 2009-cu il aprelin 8-də Gürcüstanın paytaxtı Tbilisidə Amerika Birləşmiş Ştatlarının Enerji Assosiasiyasının (USEA) dəstəyi ilə Azərbaycan Respublikasının “Azərenerji” ASC, Gürcüstan Respublikasının “Gürcüstan Dövlət Enerji Sistemi” şirkəti və Türkiyə Respublikasının “Türkiye Elektrik Ticarət və Taahhüt Şirkəti” (“TETAŞ”) arasında “Subregional Ötürücü Sisteminin planlaşdırılması və analizi üzrə” Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə Elektroenergetika Sistemləri arasında elektrik enerjisinin mübadiləsi və satışı həcminin artırılması üzrə perspektivlərin qiymətləndirilməsini həyata keçirmək məqsədilə şirkətlərin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Sonrakı mərhələlərdə işlər “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi adı altında həyata keçirilib. Adıçəkilən layihə üzrə işlər tamamlandıqdan sonra 2014-cü ilin oktyabrında qarşılıqlı razılaşma əsasında İşçi Qrupunun fəaliyyəti dayandırılıb.