Azərbaycanı belə silahlı hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil
AzerTAg.az

Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücumu qətiyyətlə pisləyirəm. İnanıram ki, bu dəhşətli terror aktını törədən günahkar layiqli cəza alacaq, məsuliyyətə cəlb olunacaqdır. Şəhid Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dövlətimizin başçısı İlham Əliyev də baş vermiş hadisəni terror aktı kimi qiymətləndirdi. Azərbaycan Prezidenti bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
Deputat qeyd edib ki, bu, son iki ildə Azərbaycanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərinə 5-ci hücumdur. Bu və buna oxşar hadisələr bir daha göstərir ki, səfirliklərdə təhlükəsizlik xidmətini yerinə yetirən şəxslərin sayı artırılmalıdır. Bir daha qeyd etmək istərdim ki, diplomatik missiyalara edilən istənilən hücum qəbuledilməzdir. Bu, hücuma məruz qalan ölkənin suverenliyinə, diplomatik toxunulmazlığına edilən hörmətsizlikdir, qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. İran Vyana Konvensiyasının tələblərini yerinə yetirməlidir.
“Yayılan informasiyalar bir daha göstərir ki, İran məsuliyyətdən yayınmağa cəhd edir, müxtəlif həqiqətə uyğun olmayan fərziyyələr irəli sürməklə terror aktını “məişət işi” kimi təqdim etməyə çalışır. Həmçinin İran Hökuməti bu terror aktı ilə bağlı müxtəlif rəy və fikirlərin çap olunmasının qarşısını almaqla əsl motivləri ört-basdır edir. Azərbaycan İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma ilkin halda biz daha çox silahlı hücuma görə səsləndirdiyi ilkin fikirlərə əsaslansaq, söyləyə bilərik ki, buna ümid çox azdır”, - deyə H.Hüseynova bildirib.
Komitə sədri vurğulayıb ki, bu gün artıq region dövlətləri yaxşı anlayırlar ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, onun nüfuzu nəinki regionda, dünyada artır. Belə terror aktları ilə ölkəmizi nüfuzdan salmaq, onu haqlı mübarizəsindən çəkindirmək istəyənlər səhv edirlər. Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil.
Xəbərin mətnində orfoqrafik səhv var