MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar Rəssamı Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Türkiyənin Yeditepe Universitetinin dosenti, Azərbaycanın Əməkdar Rəssamı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, T.Rzayev bu fəxri ada Türkiyə ilə Rusiya arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Rusiya Rəssamlıq Akademiyasının yaradılmasının 260 illik yubileyi çərçivəsində keçirilən tədbirdə medalı Əməkdar Rəssama Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, akademik Zurab Tseriteli təqdim edib.
Təqdimat mərasimində Azərbaycan və Rusiyanın Xalq Rəssamı, Rusiya Sənət Akademiyasının akademiki Tahir Salahov, Mimar Sinan Universitetinin rektoru, professor Yalçın Karayağız, professor Aydın Ayan və Yeditepe Universitetinin gözəl sənətlər fakültəsinin dekanı, professor Gülveli Kaya və digər qonaqlar iştirak edib.