İQTİSADİYYAT
Azərbaycanın Gürcüstan, Belarus və Moldova ilə gömrük sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüşlər keçirib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Belarus, Moldova və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri ilə keçirilən görüşlərdə ölkələr arasında siyasi, iqtisadi-ticari əlaqələrlə yanaşı, mehriban dostluq münasibətlərinin də mövcudluğundan bəhs edilib, gömrük sahəsində müxtəlif platformalarda qurulan səmərəli və işgüzar münasibətlərin qarşılıqlı əlaqələrin gücləndirilməsinə öz töhfəsini verdiyi bildirilib.
Görüşlərdə beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsi, qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.