Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib
Sarayevo, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 10-da ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, səfir Vilayət Quliyev çıxışında Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi zaman Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu, respublikamızın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.
Diplomat Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Müasir ölkəmizin əldə etdiyi bütün uğurlarda, torpaqlarımızın işğaldan azad edilməsində, yalnız regionda deyil, dünya miqyasında nüfuz və etibar qazanmağımızda Azərbaycan dövlətinin qurucusu kimi Heydər Əliyev şəxsiyyətinin və irsinin böyük rolunun olduğu vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo