İDMAN
Azərbaycanın daha üç boksçusu “Strandja” turnirində mərhələ adlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə ənənəvi “Strandja” turnirinin onaltıdabir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha üç üzvü mərhələ adlayıb.
Təmsilçimiz Elvin İsayev (64 kq) ABŞ idmançısı Keyşaun Davisi 4:1 hesabı ilə məğlub edərək səkkizdəbir finala yüksəlib. O, bu mərhələdə avstriyalı Harrison Qarsid ilə döyüşəcək. Görüş fevralın 16-da keçiriləcək.
Kamran Şahsuvarlının (75 kq) da debütü uğurlu alınıb. Olimpiya mükafatçımız polşalı Rişard Leviskidən güclü olub – 4:1. K.Şahsuvarlı fevralın 16-da səkkizdəbir finalda Fransisko Veron (Argentina) ilə üz-üzə gələcək.
Qadınlardan ibarət komandamızın üzvü Anaxanım Ağayeva (51 kq) uğurla çıxış edərək adını dörddəbir finala yazdırıb. Boksçumuz ilk görüşdə norveçli Veronika Nosviki mübarizədən kənarlaşdırıb – 3:2. O, yarımfinala vəsiqə uğrunda filippinli İriş Maqno ilə üz-üzə gələcək. Döyüş fevralın 17-də keçiriləcək.
Fevralın 15-də start götürən turnirin ikinci günündə yığmamızın üzvlərindən Sərxan Əliyev (60 kq) hindistanlı Ankuş Dhaiyaya məğlub olaraq mübarizəni dayandırıb.