ELM VƏ TƏHSİL
“Azərbaycanın geologiyası” kitabının birinci cildi çapdan çıxıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və geofizika üzrə fəlsəfə doktoru Lev Eppelbaumun müəllifi olduğu “Azərbaycanın geologiyası” kitabının birinci cildi “Springer” nəşriyyatında çapdan çıxıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, kitabda Böyük və Kiçik Qafqaz, Talış dağları, Kür çayı və Xəzər dənizi hövzələri kimi nadir tektonik və geoloji şəraitə malik Azərbaycan geologiyası haqqında geniş məlumat təqdim olunur. Əldə edilmiş geoloji və geofiziki məlumatlara əsaslanaraq tədqiq olunmuş ərazidə Yerin təkamülü və həmin zonanın seysmik fəallığı təhlil edilir.
Yeni nəşrdə, həmçinin regionda geofiziki və geoloji tədqiqatların tarixinə xüsusi diqqət yetirilib. Stratiqrafik, maqmatik, morfoloji, litoloji, tektoni, neotektonik, geofiziki məlumatların inteqrativ analizi vasitəsilə Azərbaycanın yer səthi və dərin geoloji strukturunun kombinə və kompleks interpretasiyası təqdim olunub.
Kitabın birinci cildi geologiya və ətraf mühit elmləri sahəsində fəaliyyət göstərən tədqiqatçılar üçün nəzərdə tutulub. Bundan əlavə, nəşr Azərbaycanda baş verən təbii hadisələr barədə məlumat almaq istəyən şəxslərin də köməyinə çatacaq.