İQTİSADİYYAT
Azərbaycanın milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycanın milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL prezidenti Cahangir Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə mülki aviasiyaya göstərdiyi diqqət və qayğını vurğulayaraq bunun sayəsində mülki aviasiyanın Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrildiyini söyləyib.
C.Əsgərovun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı həyata keçirdiyi etibarlı, səmərəli və rahat sərnişin daşımaları ilə beynəlxalq nüfuz qazanıb. Ölkəmiz sonuncu Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal rəqabət qabiliyyəti” hesabatına görə, Fransa, Almaniya, İngiltərə, Avstriyanı və digər inkişaf etmiş ölkələri qabaqlayaraq Hava Nəqliyyatının Səmərəliliyi İndeksində 141 ölkə arasında 12-ci yeri tutub.
AZAL prezidenti uçuş heyətinə göstərdikləri yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafına verdikləri töhfə üçün təşəkkürünü bildirib.
“Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi mülki aviasiyanın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir. Pilotlarımız bu tapşırığı yüksək səviyyədə yerinə yetirirlər və bu gün onları haqlı olaraq dünyanın ən peşəkar pilotlarından hesab edirlər”, – deyə Cahangir Əsgərov söyləyib.
Tədbir uçuşların təhlükəsizliyinin artırılması, müasir təyyarələrin istismarı, yeni texnologiyaların tətbiqi, uçuş heyətinin kvalifikasiyasının artırılması və sair kimi mövzuların müzakirəsi ilə davam edib.
AZAL prezidenti fərqlənmiş pilotları mükafatlandırıb.