ELM VƏ TƏHSİL
Azərbaycanın təhsildə qiymətləndirmə və qəbul modeli beynəlxalq tədqiqatlar jurnalında dərc olunub
Bakı, 14 aprel, AZƏRTAC
Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin (National Research University Higher School of Economics) “Rusiya və qonşu ölkələrdə ali təhsil” adlı beynəlxalq tədqiqatlar jurnalının “Ali təhsil müəssisələrinə qəbul mexanizmləri və ali təhsilin əlçatanlığı”na həsr olunan 2021-ci il 26 nömrəli buraxılışında Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti haqqında “Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi” adlı məqalə dərc olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, məqalənin həmmüəllifləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev və Statistik araşdırmalar, elmi layihələndirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaqinovdur. Məqalədə “Mərkəzləşmiş imtahan sisteminin yaradılmasının məqsədləri” başlığı altında 1992-ci ildən tətbiq edilən müvafiq sistemin abituriyentlərin sosial-iqtisadi vəziyyəti və ya yaşayış yerindən asılı olmadan ali təhsil müəssisələrinə qəbulu prosesində sosial dəstək rolunu oynaması, eləcə də keyfiyyətli təhsili istedadlı və motivasiyalı tələbələr üçün əlçatan etməsi məsələləri qeyd edilib.
Bundan əlavə, “İmtahanın məzmunu və qəbul sisteminin təkmilləşdirilməsi” başlığı altında ixtisas qrupları üzrə imtahan fənləri cədvəl şəklində təqdim olunub, buraxılış imtahanlarının yeni modeli, eləcə də imtahanların təşkili və idarəedilməsi haqqında geniş məlumat verilib. Məqalədə, həmçinin “2014–2020-ci illərin qəbul imtahanlarında iştirak edən abituriyentlərin qəbul balına əsasən müqayisəsi” (bütün məzunlar nəzərə alınaraq) diaqram vasitəsilə göstərilib. “DİM-in sosial və ictimai qiymətləndirilməsi” hissəsində isə imtahanların texnologiyası və məzmununun daimi olaraq yenilənməsi, yeni test tapşırıqlarının və qiymətləndirmə alətlərinin hazırlanması, abituriyentlərin imtahanlara müstəqil şəkildə hazırlaşmaları üçün çoxçeşidli materialların (test bankları, internet resursları və s.) təmin olunması haqqında məlumatlar öz əksini tapıb.
Məqaləni DİM-in saytında verilmiş linkdən oxumaq olar.