SİYASƏT
Azərbaycanın təkliflərinin Avropa İttifaqı tərəfindən də nəzərə alınması ölkəmizin düzgün seçilmiş strateji xəttinin bəhrəsidir
Bakı, 24 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti - ötən ilin dekabrından bəri üçüncü görüş keçirildi. Budəfəki müzakirələr Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında aparıldı və demək olar ki, Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt üzrə də davam etdi. Belə görüşlərin keçirilməsi məqsədə çatmaq üçün mühüm addımdır. Amma təəssüf ki, Ermənistan qeyri-konstruktivliyini, qeyri-səmimiliyini yenə davam etdirir. Bu il aprelin 6-da keçirilmiş görüşdə əldə olunan razılıqlar Ermənistanın məsuliyyətsiz yanaşması nəticəsində demək olar irəliləməyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
Y.Hacızadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi, münasibətlərin normallaşdırılması üçün açıq və vahid siyasi xətt həyata keçirir. Müharibənin başa çatmasından sonra həm Rusiyanın, həm də Avropa İttifaqının nümayəndələri ilə keçirilən görüşlər demək olar Azərbaycanın müəyyən etdiyi siyasi xətt üzrə aparılıb. Bu, görüşlərdə qəbul edilən bəyanat və razılaşmalarda da öz əksini tapıb. Belə ki, regionda iqtisadi əlaqələrin qurulması, sülhün təmin olunması, bölgənin geosiyasi mövqeyindən xoş məqsədlər üçün istifadə edilməsi ölkəmizin planlaşdırdığı və həyata keçməsini istədiyi məsələlərdir. Azərbaycanın sülhün təmin olunması, regionun potensialından istifadə edilərək uzunmüddətli iqtisadi əməkdaşlığın qurulması istiqamətində təklif etdiyi və israrla üzərində dayandığı prinsiplər region ölkələri ilə yanaşı, Avropa İttifaqının üzvləri üçün də faydalıdır.
Müzakirələrin Avropa İttifaqı nəzdində davam etdirilməsi, Aİ-nin Azərbaycanın təqdim etdiyi prinsipləri dəstəkləməsi və müzakirələrdən müsbət nəticənin əldə olunmasına çalışması ölkəmizin bu istiqamətdə apardığı siyasətin perspektivlərinin beynəlxalq təşkilatlar tərəfindən də qəbul edildiyini göstərir.
Partiya sədrinin müavini əlavə edib ki, görüşdə Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirə və planların qurulması və hər dəfə bunun Avropa İttifaqı tərəfindən də qabardılması Şərqi və Qərbi birləşdirəcək yolun Ermənistanın məsuliyyətsizliyi üzündən açılmamasının qəbul edilməyəcəyi deməkdir. Azərbaycanın bu görüşlərdə başlıca siyasi xətti danışıqların Azərbaycan–Ermənistan sülh razılaşması prizmasında davam etməsi, Qarabağ məsələsinin özünün daxili işi hesab etməsidir. Danışıqların nəticələrindən görünür ki, bölgə Qarabağ adlandırılır, status isə müzakirə olunmur. Həmçinin Ermənistanın “Dağlıq Qarabağ” və “status” məsələsini müzakirəyə çıxarması cəhdi uğursuzluğa düçar olub. Hətta buna görə Ermənistana təzyiqlər də olur. Bu barədə Ermənistanın baş naziri aprelin ayının əvvəlində parlamentdəki çıxışında da bildirmişdir ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir.
Müharibədən sonra keçən müddət ərzində Azərbaycanın səsləndirdiyi fikirlərin dünyanın ən inkişaf etmiş təşkilatı olan Avropa İttifaqı tərəfindən də nəzərə alınaraq vacibliyinin vurğulanması ölkəmizin formalaşdırdığı müsbət imicinin, düzgün seçilmiş strateji xəttinin bəhrəsidir.