İQTİSADİYYAT
Azərbaycanın təqdim etdiyi elektron və mobil rezidentlik Moskvada müzakirə olunub
Bakı, 18 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycanın xarici vətəndaşlara elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində görüş keçirib. Görüşdə Nicat Əsədli Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və ölkəmizdə ilk dəfə elektron və mobil rezidentliyin təqdim olunması ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarət tərəfdaşlarıdır, eyni zamanda, ticarət və qarşılıqlı investisiya qoyuluşları Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindəndir. Məhz bu səbəbdən bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir.
Rəqəmsal Ticarət Qovşağının meneceri bu amilləri əsas gətirərək elektron rezidentlik xidmətinin təkmilləşdirilməsini, eləcə də Rusiyada mobil və elektron rezidentlik ala biləcək potensial qeyri-rezidentlərə dolğun və ətraflı məlumatların çatdırılmasını vacib amil kimi vurğulayıb. Qeyd edib ki, qeyri-rezidentlərin məlumatlandırılması üçün ümumi bir strategiya işlənib hazırlanacaq.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları diqqətə çatdırıblar ki, Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşıdır, qeyri-neft məhsullarının ixracı üzrə isə birinci yerdədir. Məhz bu səbəbdən tərəflər Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində əməkdaşlıqda maraqlıdırlar.
Nicat Əsədli bu istiqamətdə görüşlərin davam etdiriləcəyini, diplomatik nümayəndəliklər vasitəsilə qeyri-rezidentlərə elektron imza ilə bağlı daim ətraflı məlumatların təqdim ediləcəyini bildirib.