MƏDƏNİYYƏT
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
Bakı, 22 fevral, AZƏRTAC
2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri intensivləşdiriləcək və inanırıq ki, rusiyalı turistlər Azərbaycana hər dəfə gəldikdə yeni fərqliliklər kəşf edəcəklər.
Bu barədə fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunub və mətbuat konfransı keçirilib. Ölkəmizin yalnız istirahət turizmi bölgəsi kimi deyil, o cümlədən işgüzar turizm məkanı kimi də diqqət cəlb etməsi faktı qeyd olunub.
20-dək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub.
Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.
2018-ci il üzrə Rusiya ölkə turizminin səyahətçi sayına görə ən böyük payına malik olmaqla (31 faiz) Azərbaycan turizm bazarına liderlik edir. Belə ki, 2018-ci ildə Azərbaycana gələn Rusiyalı qonaqlarının sayı 878 min nəfər olmaqla 2017-ci ilə nisbətdə 3 faiz artıb. Azərbaycan Hotel Assosiasiyası 20-24 fevralda regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.