İQTİSADİYYAT
Azərbaycanın xarici ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələrinin payına düşür
Bakı, 14 sentyabr, AZƏRTAC
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12872,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8502,5 milyon dollar, idxalın dəyəri 4369,7 milyon dollar təşkil edib, nəticədə 4132,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2 faiz artıb, real ifadədə isə 14,0 faiz, o cümlədən ixrac 8,4 faiz, idxal 22,7 faiz azalıb.
Ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 49,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 22,6 faizi İtaliyaya, 12,5 faizi Türkiyəyə, 5,5 faizi Çinə, 5,3 faizi Rusiyaya, 4,6 faizi Gürcüstana, hər biri 4,3 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4,0 faizi İsrailə, hər biri 3,7 faiz olmaqla Almaniya və Çexiyaya, 3,6 faizi Hindistana, 3,3 faizi Kanadaya, qalan 22,6 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 18,0 faizi Rusiyanın, 15,7 faizi Türkiyənin, 10,0 faizi Çinin, 8,7 faizi ABŞ-ın, 4,6 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,2 faizi İranın, 3,0 faizi Birləşmiş Krallığın, 1,7 faizi Fransanın, hər biri 1,6 faiz olmaqla Belarus və Qazaxıstanın, 23,6 faizi isə digər ölkələrin payına düşüb.