CƏMİYYƏT


Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb

Bakı, 29 iyun, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 29-da İraq Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Şahvan Abdullah Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışılıb. Bu münasibətlərin bütün sahələrdə, o cümlədən dini-mənəvi sahədə dərinləşməsinin vacib olduğunu deyən şeyxülislam A.Paşazadə bu istiqamətdə hər zaman səy göstərdiyini və Azərbaycan dövlətinin bu sahəyə diqqət ayırdığını bildirib. QMİ sədri siyasi, iqtisadi, dini-mənəvi, mədəni əlaqələrin öz müsbət bəhrəsini verəcəyinə əmin olduğunu bildirib və Uca Allahdan İraq xalqına və dövlətinə sülh, səadət və tərəqqi diləyib.

İraq Parlamentinin Nümayəndələr Palatasının sədr müavini görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, Azərbaycanın dini liderini ziyarət etməyi şərəf saydığını bildirib. Azərbaycanda keçirdiyi görüşlər barədə şeyxülislam A.Paşazadəyə məlumat verən Şahvan Abdullah Əhmədi ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açıb. O, İraq xalqının hər zaman dost, qardaş Azərbaycanın yanında olduğunu qeyd edib, işğaldan azad olunmuş Qarabağ ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə aldığı məlumatlardan, burada İslam dini irsinin bərpası yönündə həyata keçirilən bərpa və tikinti işləri barədə xəbərlərdən şad olduqlarını vurğulayıb.

Səmimi görüşdə Azərbaycan-İraq münasibətlərinin inkişaf perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Azərbaycan və İraq arasında dini ziyarətlərin təşkili məsələsinin xalqlarımız arasında mövcud mənəvi bağların genişləndirilməsi yönündə böyük əhəmiyyətindən danışılıb. Dini ziyarətlərin təşkilində Qafqaz Müsəlmanları İdarəsinin başlıca rolu qeyd edilib, dini ziyarətlərin yüksək səviyyədə təşkilinə dair zəruri işlərdən danışılıb. Şeyxülislam A.Paşazadə dini mərkəz olaraq QMİ-nin dini ziyarətlərin yüksək səviyyədə təşkili üçün bütün zəruri fəaliyyətləri həyata keçirməyə hazır olduğunu və Azərbaycandakı müqəddəs İslam məkanlarına da zəvvar səfərlərin qarşılıqlı şəkildə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Görüşdə İraqın Azərbaycandakı səfiri də iştirak edib.

Sonda xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.