ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Qazaxıstan universitetinin fəxri professoru seçilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov Qazaxıstan Respublikasının Milli Assambleyasında çıxış edib.
Folklor İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qalib Sayılov, həmçinin Qazaxıstanın Aktəpə Bayişev Universitetində Türküstanın qəhrəmanı Jalantös Bahadura həsr olunmuş “Böyük Çölün böyük övladları” beynəlxalq elmi konfransında “Yeriyən çadırda, uçan yəhərdə doğan möhtəşəm sivilizasiya: Ərtoğruldan Jalantösə” mövzusunda elmi məruzə ilə çıxış edib. Alimin çıxışı böyük rəğbətlə qarşılanıb. Konfransın yekun toplantısında Qalib Sayılov Aktəpə Bayişev Universitetinin fəxri professoru seçilib.
Həmçinin Aktəpə valisinin və dövlət rəsmilərinin, diplomatik nümayəndəlikərin iştirakı ilə Jalantös Bahadura həsr olunmuş yığıncaqda - “Toy”da Qalib Sayılov “Beynəlxalq Əmir Jalantös Bahadur Ordeni” ilə təltif olunub.
Qeyd edək ki, Jalantös Bahadur 44 il Mavərənnəhrin əmiri olub.