ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq simpoziumda Osmanlı imperiyasında hamidiyyə alaylarının yaradılması səbəblərindən danışıb
Bakı, 16 aprel, AZƏRTAC
Türkiyənin Şanlıurfa şəhərində “Osmanlı sancağından Cümhuriyyət şəhərinə” adlı üçüncü beynəlxalq simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov “Osmanlı imperiyasında hamidiyyə alayları Rusiya tarixşünaslığında” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Albaniya və Ruminiyadan tədqiqatçıların təmsil olunduğu simpoziumda çıxış edən Z.Əmrahov Osmanlı imperiyasında “hamidiyyə alayları” məsələsi ilə bağlı Rusiya tarixşünaslığının mövqeyini diqqətə çatdırmaqla yanaşı, müqayisəli təhlillərə də yer verib.
O, rusiyalı tədqiqatçıların iddia etdikləri “guya bu süvari alayları Osmanlı ermənilərinin fiziki cəhətdən məhv edilməsini əsas məsələ kimi qarşısına qoymuşdu” kimi fikirləri çoxsaylı mənbələr əsasında təkzib edib. Faktlarla göstərib ki, Berlin konqresinin qərarlarından sonra Şərqi Anadoluda dövlət yaratmaq planlarının boşa çıxmasını görən ermənilər imperiyanın şərq əyalətlərində daxili münasibətləri kəskinləşdirib, terrorçu qruplaşmalar yaradaraq digər xalqları, xüsusilə kürdləri, çərkəzləri və türkləri soyqırımına məruz qoyublar. Yaranmış vəziyyətin gərginliyini nəzərə alan Osmanlı hökuməti isə həm sərhədlərin təhlükəsizliyi, həm də daxili ictimai-siyasi vəziyyəti nəzarətdə saxlamaq üçün yeni islahatlar keçirib, daha sağlam ordu birləşmələri – hamidiyyə alayları yaradıb.
Məruzədən sonra dinləyicilərin sualları cavablandırılıb.