SİYASƏT
Azərbaycanlı deputat ölkəmizdə demokratik cəmiyyət quruculuğunda uşaqların iştirakının təmin edilməsindən danışıb
Strasburq, 24 yanvar, AZƏRTAC
Azərbaycanda 2009-cu ildən etibarən hər 3 ildən bir Uşaqların Ümumrespublika Forumu keçirilir. Uşaq Səfirlər Məclisi qərar qəbuletmə prosesində uşaqların iştirakının təşviqində mühüm rol oynayır. Eyni zamanda, qərar qəbul ediləndə uşaqların fikirləri həqiqətən də nəzərə alınır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Dinlənmək hüququ: uşaqların iştirakı demokratik cəmiyyətlər üçün təməldir” və “İqlim dəyişikliyi ilə bağlı fəaliyyətsizlik, uşaq hüquqlarının pozulmasıdır” adlı məruzələr üzrə müzakirələrdə qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib. O bildirib ki, əksər hallarda uşaqların cəmiyyət quruculuğunda iştirakı böyüklərin şərtləri ilə həyata keçirilir, halbuki gənclər parlamentlərinin və uşaq şuralarının işi səmərəli təşkil oluna bilər.
S.Fətəliyeva qeyd edib ki, uşaqların maraqlarına dair məsələlərlə bağlı qərar qəbuletmə proseslərində könüllü iştirak formalarının müxtəlifliyi, şəffaflığın təmin olunması və belə iştirak üçün standartların müəyyən edilməsi təkcə uşaqların deyil, bütövlükdə cəmiyyətin həyat keyfiyyətinin yaxşılaşdırılmasının açarıdır.
Uşaqların dinlənilməsi və ciddi qəbul edilməsi hüququ BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın dörd əsas prinsipindən biridir. Fikrini ifadə etmək hüququ qəbul olunmuş qərarların həyata keçirilməsində iştirak hüququ ilə dəstəklənməlidir ki, bu da fəal vətəndaşlıq formasıdır. Bu iştirakın əsasları, eləcə də vətəndaş şüurunun, hüquq və vəzifələrə malik şəxs kimi özünü dərk etmənin əsasları ailədə qoyulur.
Sevinc Fətəliyeva bildirib ki, ailə ənənələri və valideynlərin düşüncə tərzi nəticəsində uşaqlar gündəlik məsələlərin həllinə cəlb edilmirlər. Bəzi stereotip fikirlərə görə hələ də cəmiyyət quruculuğunda uşaq və gənclərin iştirakı normaya çevrilə bilməyib.
Uşaqların cəmiyyət quruculuğunda iştirakının vacibliyini diqqətə çatdıran S.Fətəliyeva, üzv dövlətləri müzakirə olunan hesabatı son dərəcə vacib hesab etməyə və əsas məqamları həyata keçirməyə çağırıb.
“Biz uşaqları dinləyərək, onların fikir və baxışlarına əsaslanaraq, siyasətimizi təkmilləşdirə bilərik”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq