MƏDƏNİYYƏT
Azərbaycanlı şagird beynəlxalq festivalda münsif olacaq
Bakı, 13 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalının (ANİMAFİLM) təşkilatçıları Bakıda fəaliyyət göstərən Landau məktəbinin şagirdləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə tanınmış animator Elçin Axundov cizgi filmlərinin çəkiliş prosesi haqqında məlumat verib, şagirdlərin suallarını cavablandırıb.
Tədbir çərçivəsində festivalın direktoru Rəşid Ağamalıyev məktəbin şagirdlərini videoçarx vasitəsilə bu il Bakıda keçiriləcək ikinci Beynəlxalq “ANİMAFİLM” festivalında iştirak etməyə dəvət edib və festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq fürsəti təklif edib.
Elçin Axundov “Azərbaycan animasiyası” kitabını təqdim edərək, şagirdlərə yerli animasiyamızın tarixi haqqında danışıb.
Sonra ANİMAFİLM birinci Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, “OSKAR” mükafatına namizəd “Late Afternoon” (Günortadan sonra), eləcə də “Cırtdan-pəhləvan” cizgi filmləri nümayiş olunub. Uşaqlar filmlər haqqında öz təəssüratlarını bölüşüb, animasiyaya aid formalaşan yeni fikir və fantaziyalar barədə interaktiv müzakirələr aparıblar. Festivalın təşkilat komitəsinin üzvü Mirvari Ağakişiyeva şagirdlərlə birlikdə “Gələcəyin animasiyası” mövzusunda interaktiv oyun təşkil edib. Şagirdlər öz qəhrəmanlarının animatoru kimi onların təsvirini vərəq üzərində nümayiş etdiriblər.
Təşkilat komitəsinin bildirdiyinə görə, tezliklə uşaqlardan ibarət münsif heyətilə bağlı yeni məlumat veriləcək. Ayrıca olaraq, Landau məktəbinin şagirdlərindən biri isə bu heyətə daxil olmaq üçün seçiləcək.
Xatırladaq ki, ikinci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı oktyabrın 18-20-də Bakıda keçiriləcək. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək.