İQTİSADİYYAT
“Azərenerji”: Ağdamda iki yarımstansiya tikilir VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən kompleks işlər həyata keçirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağdamda böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla rayon ərazisində 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir. Ən əsası sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.
“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə işlərin artıq böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 kilometr məsafədə çəkilən 110 kilovoltluq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağ Regional İdarəetmə Mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.