İQTİSADİYYAT
“Azərenerji” arxa cəbhədə gücünü səfərbər edib
Bakı, 27 oktyabr, AZƏRTAC
“Azərenerji” ASC arxa cəbhədə gücünü səfərbər edib.
ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, erməni təcavüzkarlarının döyüş bölgəsindən kənar əraziləri raketlərdən atəşə tutması bir çox xarici şirkətlərin öz əməkdaşlarını geri çağırmasına səbəb olub. O cümlədən döyüşlər başlamazdan bir həftə əvvəl əsaslı təmirə dayanan və ölkənin üçüncü böyük elektrik stansiyası olan 525 meqavatlıq “Sumqayıt” elektrik stansiyasında xarici şirkətlərin nümayəndələri döyüş bölgəsindən kənara raketlər atılan gündən işi yarımçıq qoyaraq vətənlərinə qayıdıblar.
“Sumqayıt” elektrik stansiyasını 2009-cu ildə tikib təhvil verən “Siemens” şirkəti uzunmüddətli servis müqaviləsinə əsasən, stansiyanı əsaslı təmir etməyi üzərinə götürmüşdü. Lakin xarici şirkətlərin getməsinə baxmayaraq, “Azərenerji”nin yerli mütəxəssisləri bütün güclərini səfərbər edərək əsaslı təmirə saxlanan “Sumqayıt” elektrik stansiyasında işi dayandırmayaraq öz gücləri ilə təmiri davam etdirirlər. Belə ki, hazırda qaz və buxar turbinlərinin əsaslı təmirləri davam edir, generatorlarda təftiş, sınaq və təmir işləri yekunlaşmaq üzrədir. Sahil nasosxanasında yeni suqəbuledici nasosxanaların sınaq işləri aparılır. Ümumilikdə isə bütün əsas və köməkçi avadanlıqlar təmir edilir, texniki xidmət göstərilir, sınaqdan keçirilir.
Bundan başqa, Xəzər dənizində son 10 ildə suyun səviyyəsinin 1,5 metrə qədər aşağı düşməsi “Sumqayıt” elektrik stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirdiyindən Xəzər dənizinin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın və yeni su nasos stansiyasının tikintisi də tamamlanmaqdadır.
Artıq estakadada işlər başa çatıb, yeni tikilən sahil nasosxanasında isə sınaq işləri aparılır. Bununla da MDB məkanında ilk dəfə olaraq soyutma suyunun kaskad vasitəsilə sakitləşdirici kanala, oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Xarici mütəxəssislər ölkəni tərk etməsinə baxmayaraq, yerli mütəxəssislərimiz növbəli prinsip əsasında dayanmadan işləyərək “Sumqayıt” elektrik stansiyasında əsaslı təmir və tikinti işlərini ilin sonuna qədər yekunlaşdıracaqlar.
Qeyd edək ki, “Azərenerji”nin arxa cəbhədə çalışan əməkdaşları ilə yanaşı, 120 əməkdaşı könüllü olaraq döyüşlərə qatılıb.