İQTİSADİYYAT
“Azərenerji” yarımstansiyalarda yenidənqurma işləri aparır
Bakı, 27 mart, AZƏRTAC
“Azərenerji” ASC “Reabilitasiya Proqramı”na uyğun olaraq sistem əhəmiyyətli yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, enerji sistemində yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorların dəyişdirilərək gücünün artırılması, artan gücün qarşılanması və avadanlıqların qızmasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyaya köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir.
Dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kilovoltluq “Xırdalan” və “Müşfiq”, 110 kilovoltluq “8-ci kilometr”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur. Bundan başqa, Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kilovoltluq “Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir.
Paralel olaraq “Reabilitasiya Proqramı” çərçivəsində son 6 ayda digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kilovoltluq “Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “135 saylı” yarımstansiyada 2 ədəd 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəzlənib. Eyni zamanda, “Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, “Əhmədli” yarımstansiyasında 40 MVA və 63 MVA transformatorlar 80 MVA transformatorla, “Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorla əvəz edilib.
Ümumilikdə isə son 6 ayda yarımstansiyalar üzrə 249 MVA güc artırılıb.