İQTİSADİYYAT
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub
Bakı, 21 yanvar, AZƏRTAC
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti müştəri məmnunluğunu artırmaq, məmur-vətəndaş təmasını aradan qaldırmaq, şəffaflığı təmin etmək məqsədilə 2015-ci ildə yaradılarkən ilkin olaraq 4 istiqamətdə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyətə başlayaraq hazırda 16 xidmət üzrə abonentlərə xidmət göstərir. 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət”, ASAN Kommunal, KOB evləri və elektron qaydada yarım milyonadək müraciət daxil olub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan sahibkarlıq obyektlərinin 150 kilovata qədər elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün “Azərişıq” ASC-də ayrıca “ASAN xidmət”lə iş departamenti yaradılıb. “Azərişıq” mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarə olunması Sistemi vasitəsilə onlayn qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib.
Səhmdar Cəmiyyətin Şəmkir, Mingəçevir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzi yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsilə Elektron Müraciətlərin İdarə olunması Sistemi “ASAN xidmət”in işinə inteqrasiya edilib.
Xatırladaq ki, 2019-cu ildə açıqlanan Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya üzrə ikinci yerdə qərarlaşıb.