İQTİSADİYYAT
“Azərişıq” sahibkarlar üçün videobələdçi hazırlayıb VİDEO
Bakı, 30 mart, AZƏRTAC
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elektrik şəbəkəsinə qoşulmaq istəyən sahibkarlar üçün videobələdçi hazırlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qurum sahibkarların işini daha da rahatlaşdırmaq və şəffaflığı təmin etmək üçün bütün müraciət prosesini elektronlaşdırıb. Nəticədə sahibkarın “Azərişıq” əməkdaşı ilə heç bir fiziki təması olmadan şəbəkəyə qoşulmaq üçün müraciəti qeydə alınır.
Bunun üçün ASC-nin rəsmi elektron portalı olan “www.azerishiq.az” saytına daxil olan sahibkar müvafiq linkə daxil olmaqla elektron hökumət portalına keçid edir. Bu sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğundan müraciət edən sahibkar özünə aid olan məlumatları ümumi bazadan götürə bilir. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları və obyektə yaxın olan transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Nəticədə elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.