İQTİSADİYYAT
“Azərsu”nun Mərkəzi Laboratoriyasının mütəxəssisləri vebinarda iştirak ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
İsveçrənin laboratoriya avadanlıqlarının istehsalı sahəsində tanınmış şirkəti “Mettler Toledo”nun Türkiyə ofisinin təşkilatçılığı ilə laboratoriya tərəzilərində yolverilən qiymətləndirmə və minimum çəki məsələlərinə həsr olunmuş vebinar keçirilib. Vebinarda bir sıra xarici ölkələrin içməli su üzrə ixtisaslaşmış laboratoriyaları ilə yanaşı, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının mütəxəssisləri də iştirak ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, vebinarda laboratoriya və istehsalatda tərəzilərdən istifadə, kalibrlənmə, düzgünlüyün və dəqiqliyin yoxlanması, minimum çəki dəyəri ilə bağlı məsələlərə toxunulub. Bu sahədə böyük təcrübəyə malik laboratoriya mütəxəssislərinin tövsiyələri dinlənilib.
Qeyd olunub ki, tərəzilərin tolerantlıq dəyərlərinin müəyyənləşdirilməsi tərəzilərin dəqiqliyi və keyfiyyəti baxımından son dərəcə vacibdir. Tərəzinin minimum çəki dəyərinin müəyyən edilməsi onun standartlara uyğun olub-olmadığını göstərən vacib amildir.