İQTİSADİYYAT
“Azəryolservis” ASC payız-qış mövsümünə hazırlaşır VİDEO
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, artıq yol istismar idarələri xidmət etdikləri sahələr üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirilməsi, yol texnikasının, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, üzərində körpülər olan ərazilərdə çay yataqlarının, yollardakı suötürücü boruların təmizlənməsi, qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir. Bütün işlərin oktyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün səhmdar cəmiyyətin mərkəzi aparatında daimi növbətçilik təşkil olunub.