İQTİSADİYYAT
“Azexport” “Amazonla qazan” təlimini davam etdirir
Bakı, 19 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” internet portal və “International Trade Center”in (ITC) birgə təşkilatçılığı ilə “Amazonla qazan” təliminin növbəti mərhələsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gənclər arasında elektron ticarət alətlərindən istifadə etməklə özünəməşğulluğun artırılmasına yönələn təlim Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunub. Təlimdə tələbələrə “Azexport.az” portalının nümayəndələri tərəfindən elektron ticarət platformalarından istifadə etməklə qeyri-neft ixracının artımının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumatlar verilib. ITC-nin dəvət etdiyi ekspertlər isə gənclərə “Amazon” və “Alibaba” kimi nəhəng elektron ticarət platformalarının imkanlarından istifadə etməklə öz müstəqil bizneslərinin qurulması istiqamətində detallı informasiyalar təqdim ediblər. Təlimin sonunda 70-dən çox tələbəyə sertifikatlar təqdim olunub.