İQTİSADİYYAT
“Azneft” İB-də istehsalat proseslərinin avtomatlaşdırılması üzrə görülən işlər müzakirə edilib
Bakı, 5 dekabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin (İB) istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində cari ilin 11 ayı ərzində yerinə yetirilmiş işlərə, 2017-ci il üçün tələb olunan avadanlıq və mal-material təminatına, planlaşdırılan tədbirlərə həsr olunan müşavirə keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə birliyin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin əməkdaşları, struktur təşkilatların metroloqları və avtomatika üzrə mütəxəssisləri iştirak ediblər. Tədbirdə birliyin obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət, təmir plan qrafiklərinin tərtibatı, icra vəziyyəti, kənar təşkilatların işinə nəzarət və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə edilib, 2016-cı ilin 11 ayı ərzində yerinə yetirilən işlər təhlil olunaraq qiymətləndirilib.
Sonra 2017-ci il üzrə planlaşdırılan işlər, tərtib olunmuş sifarişlərin yerinə yetirilmə vəziyyəti haqqında hesabatlar dinlənilib. İstehsalat proseslərinin təhlükəsiz və fasiləsiz istismarını təmin etmək məqsədilə, tətbiq olunan avadanlıq və sistemlərə tələb olunan səviyyədə texniki və təmir xidmətinin göstərilməsi və səmərəliliyin artırılması məqsədilə istehsalat sahələrində çalışan mühəndis-texniki işçilərin bilik və təcrübələrinin daha da artırılması istiqamətində işlərin aparılmasının zəruriliyi qeyd olunub.