BƏƏ-dəki Azərbaycan diasporu Fransa parlamentindən qondarma “erməni soyqırımı” ətrafında müzakirələrin dayandırılmasını tələb edir
AzerTAg.az
Bakı, 23 dekabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Samir İmanov Fransa Senatının sədri Jan Pyer Belə və Milli Assambleyasının sədri Bernar Akoyerə bu ölkənin parlamentində qondarma “erməni soyqırımı” ətrafında müzakirələrin aparılması ilə bağlı etiraz məktubu ünvanlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məktubda Fransa parlamentində qondarma “erməni soyqırımı” ətrafında müzakirələrin dayandırılması tələb olunur.
“Biz, Ərəb körfəzi ölkələrində yaşayan azərbaycanlılar Fransa parlamentinin üzvlərini qondarma “erməni soyqırımı” ətrafında müzakirələrin aparılmasına son qoyulmasına çağırırıq. Biz əminik ki, bu müzakirələrin aparılması bəzi parlament üzvlərinin öz şəxsi maraqları xatirinə başladıqları təşəbbüsdür və bunu təəssüf hissi ilə qeyd edirik. Biz Fransa parlamentinin üzvlərinə qondarma “erməni soyqırımı” əvəzinə 20 il əvvəl ermənilərin törətdiyi Xocalı soyqırımı məsələsini müzakirə etməyi tövsiyə edirik”, - deyə məktubda vurğulanır.
Məktubda Ərəb körfəzi ölkələrində yaşayan azərbaycanlıların Fransa parlamentindəki müzakirələri qətiyyətlə pislədiyi qeyd olunur. Müzakirələrin davam etdiriləcəyi təqdirdə dünyadakı 100 milyonlarla azərbaycanlı və türkün Fransanın xarici siyasətinə qarşı kampaniyaya başlayacağı bildirilir.
Xəbərin mətnində orfoqrafik səhv var