DÜNYA
BƏƏ-nin “Abu Dhabi News” qəzetində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı məqalə dərc olunub
Əbu-Dabi, 11 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi News” qəzetində “Azərbaycan 10 milyonuncu sakininin dünyaya gəlməsini qeyd edir” başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəldiyi bildirilir, körpənin çəkisi və boyu barədə məlumat verilir.
Körpənin Ermənistan ordusu tərəfindən işğal edilmiş Ağdərədən məcburi köçkün, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində doğulduğu bildirilir.
Yazıda, həmçinin 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqına təbrik ünvanladıqları, körpəni və onun valideynlərini doğum evində ziyarət etdikləri, həmçinin mənzil və bank hesabına keçirilmiş pul vəsaiti hədiyyə etdikləri bildirilir.
10 milyonuncu sakinin doğulması münasibətilə Azərbaycanda şənliklərin keçirildiyi qeyd olunan məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə davamlı iqtisadi inkişafın və sabitliyin mövcud olduğu diqqətə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi