SİYASƏT


BƏƏ-nin mobil operatorunun qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində bu ölkənin mobil operatoru olan “Etisalat”ın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev deyib ki, Ermənistan Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış “+374” beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, “Karabakh Telecom” BTİ-nin E.212 saylı təlimatını pozaraq, “283” ölkə üzrə mobil kodunu və “04” mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.

Hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində “Karabakh Telecom” şirkətinin də adı hallanır.

Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.