İQTİSADİYYAT
BƏƏ-nin naziri: 2030-cu ilə qədər bərpa olunan enerji sahəsindəki hədəflərimiz Azərbaycanla eynidir
Bakı, 15 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və “Masdar” şirkəti təmiz enerjiyə aid geniş gündəliyin icrasında Azərbaycana birbaşa xarici sərmayələrini və dəstəyini davam etdirməyi səmimiyyətlə arzulayırlar. Biz tərəfdaşlığımızı daha da gücləndirmək üçün böyük imkanları araşdıracağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei deyib.
O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yaxın dostudur: “Bizi dərin mədəni və iqtisadi əlaqələr, eləcə də təmiz enerjiyə əsaslanan dayanıqlı gələcəklə bağlı ümumi baxışlarımız bağlayır. Bu gün bu əlaqələr daha da güclənir. Mən bu mühüm layihənin gerçəkləşdirilməsinə yardım etmək məqsədilə “Masdar” şirkətinə və Birləşmiş Ərəb Əmirliyinə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə şəxsən təşəkkürümü bildirmək istəyirəm”.
“Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri öz qarşısına qoyub. Biz Birləşmiş Ərəb Əmirlikləri də eyni məqsədi öz qarşımıza qoyuruq. Biz də 2030-cu ilə qədər həmin həcmin 30 faizə qədər artırılmasını planlaşdırırıq”, - deyə nazir vurğulayıb.