İDMAN
BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ BAKIYA FİG-İN MÖTƏBƏR NÜMAYƏNDƏ HEYƏTİ GƏLƏCƏK
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə məlumat vermişlər ki, indiyədək 30 ölkənin nümayəndələri Dünya Kubokunun bu mərhələsində iştirak etmək istədiklərini bildirmişlər. Medallar uğrunda 60-a yaxın gimnast mübarizə aparacaq, 30-dək hakim, o cümlədən Beynəlxalq Gimnastika Federasiyasının (FİG) 8 eksperti onların çıxlşlarını qiymətləndirəcəkdir.
Kubok yarışlarında Azərbaycanın 5 gimnastdan ibarət milli yığmasına komandanın lideri, Afina Olimpiadasına lizenziya qazanmış Dinara Gimatova başçılıq edəcəkdir. Komandanın heyətinə perspektivli, ümidverici idmançı Anna Qurbanova və axırıncı respublika yarışlarının mükafatçıları Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay da daxildirlər.
Gimnastlarımız bu yarışa hazırlıq çərçivəsində Ulyanovskda və Riqada keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcək, aprelin 7-dən turnir başlanana qədər isə Bakıda təlim-məşq toplantısında olacaqlar. Dünya kubokunun bu mərhələsi paytaxtın İdman-konsert kompleksində keçiriləcək, yarışı 150-dək yerli və xarici jurnalist, televiziya və radio şərhçisi işıqlandıracaqdır. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, ölkənin ali rəhbərliyinin, xarici dövlətlərin Bakıdakı səfirlərinin, idman ictimaiyyəti və gimnastika veteranları nümayəndələrinin turnirin açılışında iştirak edəcəyi gözlənilir. FİG-in bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Eqle Abruzininin, FİG baş katibinin müavini Andre Qaysbuxlerin və televiziya əlaqələndiricisi Jan-Fransua Rossenin də Bakıya gəlmələri nəzərdə tutulmuşdur.