REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,3 ton ağartı, 5 ton tərəvəz, 3,5 ton kartof, 0,3 ton bostan məhsulları, 2 ton meyvə, 3 min ədəd yumurta satılmışdır.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Cəmil İsayev bu dəfə 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirmişdi. O, məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuz olmuş, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kələm, soğan və kartof 30-40 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada bazar günü də kənd təsərrüfatı məhsullarının bolluğu diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, iki gün ərzində burada Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 84,2 ton meyvə-tərəvəz satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada satılan meyvə-tərəvəzin və digər məhsulların qiymətləri xeyli ucuz olduğundan sakinlər burada bazarlıq etməyə daha çox maraq göstərirdilər. Şənbə və bazar günləri burada Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax və digər rayonların fermerləri 250 tondan çox məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, şənbə və bazar günləri Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda 72 ton 600 kiloqram məhsul satılmışdır. Bunun 68,4 tonu “Günəş” ticarət mərkəzinin, qalanı isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkanın payına düşür. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, pomidor, xiyar, alma, armud, qoz, fındıq, xurma, eləcə də sitrus meyvələri – naringi, kivi, portağal və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılmışdır. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, sanitar qaydalara tam əməl olunmuş, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax və Ağsu fermerləri şənbə və bazar günləri qəsəbə sakinlərinə 16 tonadək meyvə-tərəvəz, bostan məhsulları satmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə alıcılara Bərdə, Ağstafa və Goranboydan gətirilmiş kələm, nar, alma, kök, pomidor, kartof və digər məhsullar təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarının fermerləri 29,5 ton məhsul satmışlar.